Ali Məhkəmə iki ildir həbsdə olan iqtisadçı və keçmiş deputat Nazim Bəydəmirli haqqında hökmü qüvvədə saxlayıb. İyunun 24-də Şahin Yusifovun sədrlik etdiyi hakimlər kollegiyası onun kasasiya şikayətinə baxıb və təmin etməyib.
N.Bəydəmirlinin özü ərizə yazaraq məhkəməyə qatılmaq istəmədiyini bildirdiyindən prosesdə iştirak etməyib.
Vəkili Aqil Layıc deyib ki, N.Bəydəmirli haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Müdafiəçi heç bir mötəbər sübut-dəlil olmadan şəxsə 8 il həbs cəzası kəsildiyinə diqqət çəkib. O, AzadlıqRadiosuna Ali Məhkəmənin ölkədaxili sonuncu hüquqi müdafiə vasitəsi olduğunu bildirib: "Artıq ölkə daxilində hüquqi müdafiə vasitələri tükəndi. Yəqin ki, məsləhətləşib Avropa Məhkəməsinə şikayət edəcəyik".
Hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan N.Bəydəmirlinin özünə və ailə üzvlərinə məxsus bir sıra əmlakın üzərinə həbs qoyulduğu bildirilir. Bu barədə AzadlıqRadiosuna bilgi verən yaxınlarının sözlərinə görə, hətta vaxtilə etibarnamə ilə satılmış avtomobillərin də üzərində həbs var.
Xatırlatma
Nazim Bəydəmirli 2023-cü il iyulun 4-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.4-cü (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə suçlanır. Keçmiş deputata qarşı bu ittiham özünün də pay sahibi olduğu "Avto Qarant" ASC-nin Müşahidə Şurasının sədri Ədalət Bağırovla bağlıdır. İddia olunur ki, N.Bəydəmirli intim görüntülərlə hədələyərək ondan 50 min manat tələb edib və son nəticədə 10 min manat alıb.
Bəydəmirli ittihamı uydurma adlandıraraq deyir ki, Ə.Bağırovun əməllərindən müxtəlif dövlət orqanlarına özü şikayətlər göndərib.
Ötən il sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə N.Bəydəmirliyə 8 il həbs cəzası kəsilib. O, 2005-2010-cu illərdə Milli Məclisin üzvü olub. Keçmiş deputatın sözlərinə görə, 2023-cü ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə bağlı kimisə qurban vermək lazım gəldiyindən onu seçiblər və bu üzdən, özünü "ekologiya məhbusu" adlandırır.
2023-cü ilin iyununda Söyüdlü sakinləri kənddəki qızıl zavodundan axan su vasitəsilə gölün zəhərlənməsinə və bunun da əhaliyə mənfi təsirinə etirazını dilə gətirib.
N.Bəydəmirli elə Gədəbəy rayonundan deputat olub.