Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 02:36

''1984' əsəri ölkəmizdə reallığa çevrilib'. Fərid Mehralızadədən 'AbzasMedia işi' üzrə hökmə sözardı


Fərid Mehralızadə
Fərid Mehralızadə

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəyə 9 il həbs cəzası kəsilib. Eyni hökmlə "AbzasMedia" nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan daha altı jurnalistə də ağır cəzalar verilib. Onlardan nəşrin təsisçisi Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) 9 il, əməkdaşı Məhəmməd Kekalov 7 il 6 ay, "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı 9 il, jurnalistlər Nərgiz Absalamova Elnarə Qasımova 8 il azadlıqdan məhrum edilib. AzadlıqRadiosunun rəhbərliyi, beynəlxalq media və insan haqları qurumları bu hökmü pisləyib, jurnalistlərə azadlıq tələb ediblər.

AzadlıqRadiosu F.Mehralızadənin hökmə sözardını dərc edir:

"Lev Tolstoy Çexovun yaradıcılığı ilə bağlı deyirdi ki, əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yoxa çıxsaydı və təkcə Çexovun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya xalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi. Bu ifadədən ilhamlanaraq deyə bilərəm ki, əgər hansısa təsadüf ucbatından indiyədək Azərbaycanda səhnələşdirilmiş, sifarişli və siyasi motivli cinayət işlərinin materialları yoxa çıxsaydı və təkcə "AbzasMedia işi" ilə bağlı cinayət işi materialları qalsaydı, təkcə bunlar belə son 30 ildə Azərbaycanda ədalət cinayətlərinin mahiyyətini ifşa etmək üçün kifayət edərdi. Diqqət etdinizsə, hökumətin əmr qulu olan media orqanları istintaq dövründə qorxulu fon musiqisinin müşayiəti ilə pafoslu söz yığınından ibarət reportajlar hazırlayıb, guya hansısa sübutları aşkara çıxardıqlarını tirajlasalar da, məhkəmə prosesləri ilə bağlı səssiz qalmağa məcbur oldular. Çünki məhkəmə proseslərində ittiham aktında sübut kimi qiymətləndirilən məqamların cəfəngiyat olması üzə çıxdı. Hətta vəziyyət o qədər kritik həddə çatdı ki, hökmdən bir neçə gün öncə "Səs" qəzetində yayımlanan materialda bildirilib ki, guya "AbzasMedia işi" çərçivəsində həbs olunan şəxslər məhkəmədə öz təqsirlərini etiraf edib və bağışlanmaq diləyiblər.

İttiham aktı, yoxsa uğursuz ssenari?

Olmayan hadisənin qəzetdə çap edilməsi Corc Oruellin "1984" əsərinin ölkəmizdə reallığa çevrilməsi ilə yanaşı, həm də həbsimizin sifarişçilərinin məhkəmədə istədiklərinə nail ola bilmədikləri üçün özlərinə bu yolla təsəlli vermək istədiklərini göstərir. Əslində ittiham tərəfinin sübut kimi qiymətləndirdiyi məqamlar o qədər absurd və naşılıqla hazırlanmışdı ki, bunların heç bir cinayətin sübutu olmadığını üzə çıxarmaq üçün bir o qədər də səy göstərməyə ehtiyac yox idi. Məsələn, heç vaxt, heç bir formada işgüzar əlaqəmin və əməkdaşlığımın olmadığı "AbzasMedia"da mənə vəzifə verilib orada çalışdığımın deyilməsi, həyatımda heç vaxt olmadığım bir məkanda – "AbzasMedia"nın ofisində hər gün işə gedib-gəldiyimin iddia edilməsi, "mütəşəkkil cinayətkar birlik" olmamızın təqsirləndirilən şəxslərin hamısının telefonunda "Signal" yazışma tətbiqinin olması ilə əsaslandırılması, xarici pasportlarının olmasının və 10 il öncə Ülvi Həsənli ilə beş gün fərqlə ölkəyə daxil olmağımızın sübut kimi qiymətləndirilməsi "ittiham aktı" adlandırılan sənədin əslində uğursuz bir ssenari olduğunu çox gözəl ifadə edir.

Hesab edirəm ki, istintaq bir qədər uzansaydı, yəqin ki, istintaq orqanı mənim, Elnarə Qasımova və Nərgiz Absalamovanın - hər üçümüzün adında "r" hərfi olmasını, Məhəmməd Kekalovla mənim eyni universitetdən məzun olmağımızı, Ülvi Həsənli və mənim eyni futbol komandasına azarkeşlik etməyimizi də sübut kimi qiymətləndirəcəkdi. Axı onların sübut kimi qiymətləndirdiyi məqamlarla mənim dediyim örnəklər arasında mahiyyətcə fərq yoxdur.

"Bizim cinayət işi ilə bağlı məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında deyil, Akademik Milli Dram teatrında səhnələşdirilsəydi, izləyicilər üçün mahiyyətcə heç nə dəyişməzdi".
"Bizim cinayət işi ilə bağlı məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında deyil, Akademik Milli Dram teatrında səhnələşdirilsəydi, izləyicilər üçün mahiyyətcə heç nə dəyişməzdi".

Hakimlərin susqunluğu

Prosesdə iştirak edən üç hakimdən ikisinin altı ay davam edən məhkəmə iclaslarında bir dəfə belə olsun danışmaması, baş hakimin isə təqsirləndirilən şəxslərə bir dəfə belə olsun sual verməməsi, prokurorun bizə sual verməkdə çətinlik çəkməsi və cinayət işi ilə əlaqəsi olmayan bir neçə ümumi sualla sual-cavab mərhələsini ötürməsi, hakimin ifadəsi alınarkən təzyiqə məruz qaldığını bildirən şahidin sözü bitməmiş ona sual verə bilməyək deyə, tez-tələsik zaldan uzaqlaşdırması, cinayət işinin açılmasına xidmət edən 50-dən artıq vəsatətimizin heç birinin qəbul olunmaması, həbsimizi hüquqi olaraq əsaslandırdıqları "əməliyyat" məlumatının açıqlanmasından imtina edilməsi kimi məqamlar həbsimizin sifarişçilərinin mənəvi müstəvi ilə yanaşı, hüquqi müstəvidə də məğlub olmasının sübutlarıdır. Məhkəmə zalında çəkiliş aparılmasına icazə verilməsi ilə bağlı vəsatətimiz də qəbul edilmədi. Əgər ortada, doğrudan da, hansısa cinayət və sübut varsa, niyə hökumətə bağlı telekanalların zala daxil olub bu faktları lentə almasına şərait yaradılmır? Qısası, bu cəfəng ittiham aktı əsasında məhkəmənin barəmizdə hökm çıxarması bir daha təsdiq edir ki, Azərbaycan məhkəmələrində siyasi motivli cinayət işləri ilə bağlı ədalət mühakiməsi deyil, sadəcə olaraq notarius fəaliyyəti həyata keçirilir. Bizim cinayət işi ilə bağlı məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında deyil, bu binadan bir neçə dəqiqəlik yerimə məsafəsində yerləşən Akademik Milli Dram teatrında səhnələşdirilsəydi, izləyicilər üçün mahiyyətcə heç nə dəyişməzdi. Çünki prokuror və hakimlər, sadəcə olaraq, öncədən yazılmış rolları oynamaqla kifayətləndilər.

Bütün proses ərzində, xüsusilə də son sözlər oxunarkən hakimlər və prokurorla bağlı deyilən sözlərdən, onlarla bağlı aparılan analogiyalardan, üzlərinə çırpılan həqiqətlərdən sonra bu şəxslərin düşdüyü vəziyyət nə qədər gülməli idisə, bir o qədər də acınacaqlı idi. Səmimi deyim ki, son məhkəmə iclasında həmin şəxslərin düşdüyü vəziyyətə görə onlara yazığım gəldi. Ancaq soyuq başla düşünəndə anlayıram ki, özü yıxılan ağlamaz. Bu acınacaqlı vəziyyətin ortaya çıxmasının bir səbəbi Azərbaycan hökumətinin məhkəmə hakimiyyətini siyasi repressiyalar üçün alətə çevirməsidirsə, digər səbəb də bu şəxslərin könüllü olaraq bu rolu oynamağa razı olmasıdır.

"Mən nə siyasi fəaliyyətlə, nə də korrupsiya araşdırmaları ilə məşğul olmuşam... Bu gün Azərbaycanda hətta bu tip fəaliyyətin 9 illik həbs cəzası ilə qiymətləndirilməsi Azərbaycan hökumətinin tənqidi və alternativ fikrə dözümünün hansı həddə endiyini əks etdirir".
"Mən nə siyasi fəaliyyətlə, nə də korrupsiya araşdırmaları ilə məşğul olmuşam... Bu gün Azərbaycanda hətta bu tip fəaliyyətin 9 illik həbs cəzası ilə qiymətləndirilməsi Azərbaycan hökumətinin tənqidi və alternativ fikrə dözümünün hansı həddə endiyini əks etdirir".

Hökumətin haqq-hesabı

Hökmdən, yəni, ən uzun müddətli cəzanın Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə yanaşı, mənə və Hafiz Babalıya verilməsindən o da məlum olur ki, "AbzasMedia işi" çərçivəsində Azərbaycan hakimiyyəti təkcə "AbzasMedia" ilə deyil, həm də mənim timsalımda AzadlıqRadiosu ilə, Hafiz Babalının timsalında isə artıq fəaliyyətini dayandırmış "Turan" İnformasiya Agentliyi ilə də haqq-hesab çürütdü. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, "AbzasMedia" ilə heç vaxt hər hansı bir formada əməkdaşlığım olmasa da, belə prinsipial insanlarla birgə mühakimə olunmaqdan qürur duyuram.

2023-cü ildən etibarən başlayan kütləvi həbs kampaniyasınadək, yəni, əvvəlki dövrlərdə Azərbaycanda, əsasən, fəal siyasi və aktivist fəaliyyəti ilə məşğul olan şəxslərin, media sahəsində isə daha çox korrupsiya və siyasi təhlil istiqamətində ixtisaslaşan şəxslərin həbsinə şahidlik edirdik. Mən nə siyasi fəaliyyətlə, nə də korrupsiya araşdırmaları ilə məşğul olmuşam. Media sahəsində fəaliyyətim isə iqtisadi siyasətin analiz və təhlillərindən ibarət olub. Bu gün Azərbaycanda hətta bu tip fəaliyyətin 9 illik həbs cəzası ilə qiymətləndirilməsi Azərbaycan hökumətinin tənqidi və alternativ fikrə dözümünün hansı həddə endiyini əks etdirir. Təəssüflər olsun ki, hazırda Azərbaycanda reallıq bundan ibarətdir ki, hökumət problemləri görməzdən gəlib insanların gözünə kül üfürən qələm adamlarını fəxri adlar və bir çox imtiyazlarla mükafatlandırır, həqiqətləri araşdıran və işıqlandıran insanları isə həbsə və digər məhrumiyyətlərə düçar edir. Ancaq nəticə etibarilə bunların hər ikisi qiymətləndirilmədir.

İntellektual tənqid vs. propaqanda

9 illik həbs cəzamı da məhz Azərbaycan iqtisadiyyatı ilə bağlı analiz və təhlillərimin uğurlu alınması və ünvanına çatması kimi qiymətləndirirəm. İstənilən avtoritar hökumət üçün ən böyük təhlükə müstəqil intellektual tənqiddir. Bu tənqidləri boğmaq üçün onların ən çox baş vurduğu yol isə hər müstəqil səsi və hər şübhəçi yanaşmanı yerindəcə boğub bu fikirlərin dövlətə, cəmiyyətə zərər vurması ilə bağlı əsassız propaqanda aparmaqdır. Ancaq dövlət işçisi üzərində ictimai nəzarət varsa, effektiv idarəçi ola bilər. Bizə verilən hökm və media sahəsində atılan digər repressiv addımlar məhz bu nəzarət mexanizmlərinin sıradan çıxarılmasına və istədiyini etmək üçün münbit şərait yaradılmasına hesablanıb.

Gec-tez hər kəs anlayacaq ki, barəmizdə çıxarılan hökm və digər repressiv addımlar sadəcə bizim yox, son nəticədə həbsimizin sifarişçiləri də daxil olmaqla bütün Azərbaycan vətəndaşlarının əleyhinə verilən qərardır. Bütün repressiyalara, propaqandalara, çətin sosial və iqtisadi şərtlərə baxmayaraq, apatiya və laqeydlik heç vaxt cəmiyyətin bütün üzvlərini öz ağuşuna ala bilmir. İndiyədək insan sivilizasiyasını tərəqqiyə və inkişafa aparan addımlar məhz bu azlıqda qalan insanlar tərəfindən atılıb.

Sonda məhkəmə proseslərimizdə bizi peşəkarlıq və cəsarətlə müdafiə edən, qanunun aliliyinə olan inamımızı sönməyə qoymayan vəkillərimizə, mövcud çətin şərtlər altında məhkəmə proseslərimizi işıqlandıran jurnalistlərə (bizim məhkəmə proseslərimizdə iştirak edən dörd jurnalist–Ülviyyə Əli, Fərid İsmayılov, Nurlan Qəhrəmanlı və Əhməd Məmmədli prosesin gedişində həbs edildi), məhkəmə proseslərində iştirak edən siyasi partiya nümayəndələrinə, ictimai fəallara, digər ictimaiyyət nümayəndələrinə və diplomatik korpus üzvlərinə, eləcə də azadlığa çıxmağımız üçün çağırışlar edən yerli və beynəlxalq insan haqları fəallarına və təşkilatlara və ən vacibi haqsız yerə həbs olunduğumuzu bilən, dəstək göstərən bütün Azərbaycan vətəndaşlarına təşəkkür edirəm.

Hökm Azərbaycan xalqınındır!

XS
SM
MD
LG