"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qaldığı bildirilir. Konfederasiyadan AzadlıqRadiosuna verilən məlumatda cəzaçəkmə müəssisəsindəki işgəncə nəticəsində ictimai fəalın sağlıq durumunda ciddi problemlər yarandığı deyilir: "Elvin Mustafayevi 6 saylı Cəzaçəkmə Müəssisəsinə gətirincə, rəis Fariz Əliyevin yanına aparıblar. Rəis ona deyib ki, "bura əvvəl olduğun "zon"lar kimi deyil, ağıllı ol" və qulağının dibinə bir şillə vurub. Elvin etiraz edəndə Samir və Əli adlı əməliyyatçılar da onu döyməyə başlayıblar".
E.Mustafayevin indiyədək baş və bədən nahiyələrindən aldığı zərbələrdən qulağında iltihab olduğu, kəskin ağrılardan əziyyət çəkdiyi bildirilir.
İctimai fəalın yaxınları onun işgəncədən şikayətinin araşdırılmasından, təqsirkarların cəzalandırılmasından ötrü Penitensiar Xidmətin rəhbərliyinə, Ombudsman Aparatına müraciət ediblər.
"Günahsız bir gənci həbs ediblər"
"Elvin Mustafayev durumunun yaxşı olmadığını bildirib, vəkilinin təcili ona baş çəkməsini istədi. Günahsız bir gənci həbs ediblər, uzun müddət "karser"də, indi də xüsusi tipli kamerada saxlayırlar, yenə də əl çəkmirlər. Bu qədər insafsızlıq, vicdansızlıq olmaz", - E.Mustafayevin yaxınlarının sözləridir.
Hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsindəki gənc fəalın həbsxana rejiminə köçürülməsi və cəzasının sonuna - 2026-cı ilin avqustunadək həmin rejimdə saxlanması üçün rəis F.Əliyev məhkəməyə təqdimat verib. Təqdimata iyulun 3-də Nizami rayon Məhkəməsində baxılacaq.
Təqdimatda iddia olunur ki, E.Mustafayev daxili intizam qaydalarını pozur, cəzaçəkmə müəssisəsində müxalifətçiliklə məşğul olur, əsassız şikayətlər yazmağa çalışır, özünə və işçilərə xəsarət yetirməyə cəhd göstərir və s. Onun yaxınları yazılanların hamısının şər-böhtan olduğunu bildirirlər.
E.Mustafayev Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasına dəstək məqsədiylə aclığa başlayandan sonra cərimə kamerasına (karser) salınıb, ailə üzvləriylə telefon danışığı və görüş hüququ məhdudlaşdırılıb.
Deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. AzadlıqRadiosuna daha öncəki açıqlamalarda Penitensiar Xidmət məhkumlara qarşı işgəncə şikayətlərini təkzib edib və cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların qanunda nəzərdə tutulan hüquqlarının təmin olunduğunu bildirib.
Xatırlatma
E.Mustafayev 2023-cü ilin avqustunda həbs olunub. Cinayət işinin materiallarında ictimai fəalın Binəqədi rayonundakı Cəfər Xəndan küçəsində saxlanıldığı və üzərindən 3 qram narkotik tapıldığı iddia edilib.
E.Mustafayev isə narkotik tapılmasından tutmuş, saxlandığı yerədək iş materiallarında yazılanları yalan sayır. Gənc fəal vurğulayıb ki, narkotiklə suçlanmasını özünə utanc bilir. Söylədiyinə görə, bu ittihamı üzərinə götürməkdən ötrü polis idarəsində basqılara məruz qalıb: "Dedilər ki, bunu boynuma götürməsəm, üzümə qadın qoyub, zorlama ilə ittiham edəcək, yaxud "İran agenti" ittihamıyla həbsə göndərəcəklər".
İctimai fəal həbsindən öncə kuryerliklə - aptekdən dərmanların evlərə, iş yerlərinə çatdırılmasıyla məşğul olduğunu deyib və ictimai fəaliyyətinə görə cəzalandırıldığını vurğulayıb. O, daha öncə də inzibati qaydada həbs olunduğunu xatırladıb.
E.Mustafayev 2023-cü ilin martında da Saatlı rayon Məhkəməsinin qərarıyla xırda xuliqanlıq və polisə müqavimətdə suçlanaraq inzibati qaydada 25 sutka həbs olunmuşdu. Gənc fəal o zaman da ittihamları qəbul etməyib bildirmişdi ki, Saatlı sakinlərinin su tələbiylə keçirdiyi etiraz aksiyasında polislərin, digər yerli hakimiyyət təmsilçilərinin bu problemə reaksiyasını və davranışını tənqid etdiyinə görə cəzalandırılıb.
Daha bir xatırlatma
İki il öncə, avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və "Kuryer Birliyi" Həmkarlar İttifaqı etiraz aksiyası keçirmişdi. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etirazlarını dilə gətirmişdilər.
Elə həmin gün "İşçi Masası"nın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamıyla 30 sutka inzibati həbs cəzası verilmiş və o, inzibati həbsdən buraxılandan az sonra – sentyabrın 20-də yenidən həbs edilmişdi. Bu dəfə haqqında cinayət işi başlanmış, o, bir nəfərə bıçaqla xəsarət yetirməkdə suçlanmış və 9 il həbs cəzası almışdı. A.Məmmədov həmin ittihamları yalanlamış və heç kimə xəsarət yetirmədiyini söyləmiş, tam tərsinə, yaşadığı evin blokundan çıxarkən özünün hücuma məruz qaldığını və dərhal peyda olan polislərin onu tutub apardığını demişdi.
Avqustun 4-də E.Mustafayev, avqustun 10-da isə "İşçi Masası" İdarə Heyətinin üzvü Ayxan İsrafilov narkotik ittihamıyla həbs edilmişdilər. A.İsrafilov da bu ittihamın saxta olduğunu, işçi hüquqlarını qoruduğuna görə şərləndiyini söyləmişdi.
Qurumun daha bir üzvü Möhyəddin Orucov da narkotik ittihamıyla 3 il azadlıqdan məhrum edilib. O da çalışdığı zavodda işçi hüquqlarının pozulmasına etirazını bildirdiyindən öncə 30 sutka inzibati həbsə məruz qaldığını, bu zaman polis bölməsində başına gələnləri ictimailəşdirdiyinə görə sonradan narkotiklə şərləndiyini demişdi.
Daxili İşlər Nazirliyi ictimai fəalların şərlənməsi, polis idarələrində təzyiqlərə məruz qalması barədə iddiaları yalanlayır. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həbs olunanlar konkret faktlar əsasında saxlanılıb və onların dedikləri özünümüdafiə məqsədi daşıyır.
Hökumət rəsmiləri də ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.