Rusiya zərbələrindən Kiyevdə çoxmərtəbəli binanın girişi uçub, ölənlər var

Bina çöküb

İyunun 23-nə keçən gecə Rusiya hərbi qüvvələrinin Kiyevə dron zərbələri endirməsi nəticəsində çoxmərtəbəli yaşayış binasının bir girişi çöküb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində ölənlər və yaralananlar var. Dağıntılar altında insanların ola biləcəyi qeyd olunub.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko dördü uşaq olmaqla 25 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, paytaxtın Solomenski rayonunda səkkiz, Şevçenkovskidə isə 17 nəfər yaralanıb.

Daxili işlər naziri İqor Klimenkonun verdiyi məlumata görə, ən ağır nəticələr Şevçenkovski rayonunda qeydə alınıb. Burada çoxmərtəbəli yaşayış binasının bütün bir giriş hissəsi dağılıb.

"Hazırkı məlumata görə, dörd nəfər həyatını itirib. Fövqəladə Hallar Xidmətinin əməkdaşları 10 nəfər yaralını xilas ediblər. Məlumatlarımıza əsasən, dağıntılar altında hələ də insanlar var", - o, "Telegram" hesabındakı paylaşımda bildirib.