Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Məhkəmə Aytac Tapdıqın nikahla bağlı vəsatətini təmin etməyib


Aytac Tapdıq
Aytac Tapdıq

Bu gün, iyunun 23-də Bakı Apellyasiya Məhkəməsində MeydanTV-nin həbsdə olunan əməkdaşı Aytac Tapdıqın nikaha daxil olması ilə əlaqədar verdiyi vəsatətə baxılıb. Vəsatətin təmin olunmadığı bildirilir.

A.Tapdıqın yaxınlarının açıqlamasına görə, jurnalist məhkəmədə çıxışı zamanı kobud rəftara məruz qalıb, daha sonra isə zaldan çıxarılıb.

"Onun məhkəmə zalında nikaha daxil olmaq istədiyi Kamran Məmmədli ilə yan-yana gəlməsinə, danışmasına maneə yaradıblar. Aytac Tapdıq 199 gündür qanunsuz olaraq həbsdə saxlanılmaqla yanaşı, ən sadə hüquqlarından da məhrum edilir. Kamran Məmmədli ilə görüşməsinə, evlənməsinə qadağa qoyulur", – yaxınları bildirib.

Bu açıqlamaya sözügedən məhkəmədən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

A.Tapdıq 2024-cü il dekabrın 6-da "MeydanTV işi" üzrə saxlanıb. Daha sonra haqqında həbs-qətimkan tədbiri seçilib. Qaçaqmalçılıqda ittiham olunan jurnalist ittihamı qəbul etmir.

28 aprel

Jurnalist həbsdə evlənmək hüququnun pozulduğunu deyir

MeydanTV-nin həbs olunan əməkdaşı Aytac Tapdıq nikaha daxil olmaq hüququnun pozulduğunu bildirir. Onun deməsinə görə, saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında nikaha daxil olmaq hüququ pozulur. "Yanvardan etibarən nikah üçün ərizə ilə müraciət etsəm də, zəruri prosedurlardan keçməyimə şərait yaradılmır", – A.Tapdıq öz məktubunda yazır.

Jurnalistin vurğulamasına görə, təcridxana rəhbərliyinə etdiyi müraciətdən 2 ay keçdikdən sonra cavab alıb ki, istintaq ona evlənməyə icazə vermir: "Saxta ittiham əsasında həbs edilməyim azmış kimi, heç bir rəsmiyyətə dayanmayan, qeybdən gələn səs nikah bağlamağıma veto qoyur. Bu qadağa həm mənim, həm də evlənmək istədiyim insan haqları və heyvan haqları müdafiəçisi Kamran Məmmədlinin fəaliyyətinə yönəlmiş təzyiqdir".

Jurnalist hüququnun bərpası üçün məhkəməyə müraciət edəcəyini vurğulayıb.

Hələlik, bu məktuba Penitensiar Xidmət və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

MeydanTV-nin əməkdaşları – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) dekabrın 6-dan həbsdədirlər. Onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub. Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Adları çəkilən şəxslərdən başqa, fevralda daha üç jurnalist də "Meydan TV" ilə bağlı cinayət işi üzrə həbs olunub. Fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də isə Fatimə Mövlamlı saxlanılıb.

Jurnalistlər özlərini təqsirli bilmir, qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Heyvan haqları fəalı Kamran Məmmədli ötən ilin dekabrında onun ölkədən çıxışına qadağa qoyulduğunu acılamışdı. Onun AzadlıqRadiosuna bildirməsinə görə, dekabrın 2-də səhər saatlarında Tbilisiyə uçmaq istəyib: "... Mənə bildirdi ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Səbəb barədə bir söz deyilmədi".

K.Məmmədli hesab edir ki, qadağa COP29-dakı aksiyasına görədir: "İyul ayında ölkədən çıxıb qayıtmışdım, problem yaşamamışdım".

Onda onun dediklərinə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmamışdı.

K.Məmmədli noyabrın 15-də Bakıda BMT iqlim konfransının 29-cu sessiyası (COP29) zamanı etiraz aksiyası keçirmişdi. O, üzərində "Sahibsiz itləri vurmağı dayandırın" yazılmış plakat qaldırmışdı. O, həmin vaxt oradan kənarlaşdırılsa da, saxlanmamışdı.

Xatırlatma

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG